REGİONLAR


Ağdamda erməni silahlı birləşmələrinin atəşi nəticəsində zərər dəymiş evlərin bərpası davam etdirilir VİDEO

Artıq evlərin 85-də təmir-bərpa işləri başa çatıb

Ağdam, 9 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun təmas xəttinə yaxın yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.

Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin mühəndisi İlkin Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bərpa ediləcək evlərin 23-ü Çəmənli, 11-i Qaradağlı, 9-u Mahrızlı, 9-u Sarıcalı, 7-si Hacıməmmədli, 7-si Məmmədbağırlı, 7-si Orta Qərvənd, 7-si Təzəkənd, 6-sı Evoğlu, 6-sı İsalar, 5-i Ayaq Qərvənd, 5-i Əfətli, 4-ü Çıraxlı, 4-ü Rzalar, 3-ü Əhmədağalı, 3-ü Mirəşelli, 3-ü Zəngişalı, 1-i Kolqışlaq, 1-i Şükürağalı kəndlərindədir. Artıq 85 evdə əsaslı bərpa işləri başa çatdırılıb. Bu evlərdə dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, suvaq işləri görülüb. Həmin evlər sakinlərin istifadəsinə verilib. Yaxın günlərdə qalan 36 evdə də təmir işlərinə başlanılacaq.

Təmas xəttinə yaxın olan yaşayış məntəqələrində zərər dəymiş evlərin dövlətimizin başçısının Sərəncamına əsasən bərpa edilməsi cəbhəyanı kəndlərin sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Mahrızlı kəndində məskunlaşan Xocalıdan olan məcburi köçkün Emiliya Mirzəliyeva evinin bərpasına görə sevincini belə ifadə edib: "27 ildir bu kənddə məskunlaşmışıq. Şəraitimiz yaxşı deyildi. Kəndə düşən mərmilərin partlaması nəticəsində evimiz bərbad vəziyyətə düşmüşdü. Buna görə çox çətinlik çəkirdik. Dövlətimizin başçısına minnətdarıq. Evimiz sökülərək yüksək səviyyədə yenidən tikildi. Çox sevinirik. Hazırda otaqlarda təmir işləri aparılır. Tezliklə rahat, təmirli mənzildə yaşayacağıq".

Mahrızlı kənd sakini Mahir Tanrıverdiyev Qarabağ müharibəsi veteranıdır. Erməni silahı birləşmələrinin atəşi nəticəsində onun evinə də zərər dəymişdi. Bu gün isə ailəsi ilə birlikdə əsaslı şəkildə təmir edilən mənzildə yaşayır. Mahir Tanrıverdiyev görülən işlərdən razılıqla danışıb: “Düşmənin atəşi nəticəsində kəndimizdə onlarla ev qəzalı vəziyyətə düşmüşdü. O evlərdən biri də bizim ev idi. Hörmətli Prezidentimizin Sərəncamı əsasında evimizdə əsaslı tikinti-təmir işləri aparıldı. Öz adımdan, ailəm adımdan Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Sarıcalı kənd sakini Etibar Şahmurov isə deyib: "Düşmənin atdığı mərmilər nəticəsində bizim evimiz də qəzalı vəziyyətdə idi. Evdə yaşamaq mümkün deyildi. Sağ olsun Prezidentimiz. Onun Sərəncamına əsasən bizim ev də yüksək səviyyədə bərpa edildi. Artıq bir neçə gündür ki, evimizdə yaşayırıq. Dövlətimizdən, onun başçısından çox razıyıq”.

Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.