REGİONLAR
Ağdamda heyvandarlıq məhsulları istehsalı artıb
Ağdam, 8 iyul, AZƏRTAC
Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. 2022-ci ilin yanvar-iyun aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin iyulun 1-dək rayonda 44 min 914 baş qaramal, 100 min 296 baş qoyun-keçi olub. 2021-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu heyvanların sayı 3,2 faiz, qoyun və keçilərin sayı 1,3 faiz çoxdur.
Altı ayıda rayonun təsərrüfatlarında süd istehsalı 21 min 579 ton olmaqla 4,9 faiz, ət istehsalı 2428,2 ton olmaqla 2,1 faiz, yumurta istehsalı 10142 min ədəd olmaqla 4,7 faiz, yun istehsalı 203,4 ton olmaqla 0,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yanvar-iyun aylarında 2827 baş inək və düyələr süni mayalandırılıb, 1311 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.