REGİONLAR
Ağdamda inşa olunan xalça istehsalı müəssisəsində tikinti işləri başa çatıb
Ağdam, 23 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən ölkəmizin bölgələrində xalça istehsalı müəssisələri inşa edilir. “Azərxalça” ASC-nin filiallarından biri də xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda yaradılır.
AZƏRTAC xəbər verir ki, filial üçün rayonun Quzanlı qəsəbəsində 1258 kvadratmetr ərazidə inşa edilən binada tikinti işləri yekunlaşıb. Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və satış salonundan ibarət olan müəssisə lazımi inventar, avadanlıq və xammalla təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Müəssisənin həyətində abadlıq, yaşıllaşdırma işləri aparılıb, yerə asfalt örtük və tamet döşənib.
Filialda işləmək üçün Quzanlı qəsəbəsində “Azərxalça” ASC tərəfindən xalça toxucuları üçün tədris-hazırlıq kursları təşkil edilib. Tədris-hazırlıq kurslarına məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən 130 qadın cəlb olunub. Artıq onlardan 100 nəfərdən çoxu xalçaçılıq peşəsinə tam yiyələnib. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub.