REGİONLAR


Ağdamda kəhriz su sistemlərinin bərpasına başlanılıb VİDEO

Ağdam, 13 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonu ərazisindəki kəhrizlərin bərpasına başlanılıb.

Layihə koordinatoru Kim Huahyun AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, KOICA tərəfindən maaliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən layihənin məqsədi məcburi köçkünlərin məskunlaşdığı icmalarda həyat şəraitinin və su təminatının yaxşılaşdırılmasından ibarətdir. Layihəyə uyğun olaraq, 4 ildə 8000-dək məcburi köçkün ailəsinin sıx məskunlaşdığı 8 rayon və şəhərdə kəhrizlərin bərpası nəzərdə tutulur. Kəhrizlərin bərpası ilə məcburi köçkün ailələrin içməli və suvarma su təchizatı yaxşılaşdırılacaq.

Beynəlxalq Miqrasiya Təşkilatının mühəndisi Arzu Musayev bildirib ki, layihə çərçivəsində 8 rayonda kəhrizlərin siyahıyaalınması, tədqiqatı həyata keçirilib. Məlum olub ki, təkcə Ağdam rayonunda 100-dən çox, o cümlədən işğal altında olmayan ərazilərdə 50 kəhriz var. Məcburi köçkünlərin daha sıx məskunlaşmasını və suya olan ehtiyaclarını nəzərə alaraq layihə üzrə işə Ağdam rayonundan start verilib.

Hazırda Ağdam rayonu ərazisindəki Çinarlı, Xanəhməd, Qozlu və Heyvalı kəhrizlərinin baş quyularında və sutoplayıcı tunellərdə texniki göstəriciləri öyrənmək, suvermə qabiliyyətini yoxlamaq, suyun keyfiyyətini müəyyən etmək məqsədilə tədqiqat-qazma işləri aparılır. Kəhrizlərin bərpasında yeni texnologiya tətbiq olunacaq. Belə ki, quyuların və tunellərin qazılmasında şaquli və üfüqi qazma qurğularından istifadə ediləcək. Kəhrizin suyu ilə əkin sahələrinin suvarılması üçün arxlar da bərpa olunacaq. İçməsi su isə borular vasitəsilə əhaliyə çatdırılacaq.

A.Musayev qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı 1999-cu ildən kəhrizlərin bərpası ilə bağlı layihələr həyata keçirir. 1999-2013-cü illərdə Azərbaycanda 163 kəhriz bərpa edilərək sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.