REGİONLAR


Ağdamda məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələrinə təbii qaz verilib

Ağdam, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Ağdam rayonunun Mirzələr qış yatağı ərazisində və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və məcburi köçkünlər iştirak ediblər. Tədbirdə çıxış edənlər sakinləri təbrik edib, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan, sosial problemlərinin həlli, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, 388 fərdi evdən ibarət olan qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 35 min 72 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən məcburi köçkünlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqələrinə “mavi yanacaq” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.