REGİONLAR


Ağdamda şəhid Samir Abdinovun xatirəsi anılıb

Ağdam, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Mahrızlı kəndindəki Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Samir Abdinovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, S.Abdinovun ailə üzvlərinin, döyüş yoldaşlarının, təhsil aldığı Zəngişalı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin, mədəniyyət evinin və Ağdam Tarix Diyarşünaslıq Muzeyinin işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, şəhidin döyüş yoldaşı Oruc Cabbarov, müəllimi Atamoğlan Əliyev, qardaşı Etibar Abdinov və bacısı Nailə Salahova çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Abdinov Samir Əmir oğlu 1973-cü il yanvarın 3-də Ağdamın Zəngişalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1991-ci ildə keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. Lakin Samir Bakıda 20 Yanvar faciəsini törətmiş bir orduda xidmət etməkdən imtina edərək, könüllü olaraq Ağdamda yaradılmış "Qarabağ şahinləri" batalyonuna yazılıb və Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi zamanı qətlə yetirilənlərin və yaralıların Ağdama aparılmasında fədakarlıq göstərib. Həmin il martın 12-də Ağdamla Əsgəran arasındakı strateji ərazi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Prezident İlham Əliyevin 2010-cu il iyunun 24-də imzaladığı Sərəncamla "İgidliyə görə" medalı ilə təltif edilib. Hazırda təhsil aldığı Zəngişalı kənd tam orta məktəbi onun adını daşıyır.

Xocalıdan olan məcburi köçkün Elyana Hümbətovanın Samir Abdinovla bağlı xatirəsi tədbir iştirakçılarına kövrək anlar yaşadıb. Xocalı faciəsi zamanı Elyana Hümbətova oğlu ilə birlikdə meşədə gizlənib. Orada onları Azərbaycan əsgərləri tapıb. Samir Abdinov Elyana Hümbətovanın ayaqlarının soyuqdan donmaması üçün öz çəkməsini ona verib. Əsgərlərimiz düşmənlə döyüşə-döyüşə ana ilə övladını xilas ediblər. Onları qərargaha, oradan da xəstəxanaya çatdırıblar. Hümbətovlar ailəsi on il bu əsgər çəkmələrini saxlayıb, onun sahibini axtarıblar. Yalnız sonradan öyrəniblər ki, o, həmin hadisələrdən 14 gün sonra şəhid olub. Hazırda həmin çəkmələr Döyüş Şöhrəti Muzeyində saxlanılır.

Mərasimdə məktəblilər şəhidlərə həsr edilən şeirlər söyləyiblər. Sonra tədbir iştirakçıları Samir Abdinova həsr edilmiş video-slayda baxıb, muzeydə 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus əşyalarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.