REGİONLAR
Ağdamda tikinti-quruculuq işləri davam etdirilir
Ağdam, 30 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun işğal edilməmiş ərazilərində yenidənqurma və tikinti-abadlıq işləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, cari ildə Quzanlı qəsəbəsində Kənd Təsərrüfatı İdarəsinin binası istifadəyə verilib, Mərkəzi Meydanda, Ağsaqqallar evində, Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının binalarında yenidənqurma işləri aparılıb. Heydər Əliyev Mərkəzinin və Bayraq Muzeyinin tikintisi başa çatıb.
Müasir və klassik memarlıq üslubu elementlərini özündə birləşdirən Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 1900 kvadratmetrdir. Mərkəzdə akt, iclas və nikah mərasimi zalları, kompüter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltəraşlıq və xalçaçılıq qalereyası, inzibati otaqlar, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün 3D formatında kinoteatr və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək. Heydər Əliyev Mərkəzinin həyətində açıq səma altında səhnə, işıqlandırma sistemi qurulub, yerə tamet və mərmər döşənib, yaşıllıqlar salınıb.
Müasir memarlıq üslubunda tikilən Bayraq Muzeyi foye, ekspozisiya zalı, inzibati otaqlardan ibarətdir. Muzey binasında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, gerblər və sair sərgilənəcək. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına geniş imkan yaradacaqdır.
Heydər Əliyev Mərkəzinin və Bayraq Muzeyinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində rayonda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası da başa çatıb. Tikinti, bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2 may 2016-cı il tarixli Sərəncamına əsasən aparılıb. Tamamilə dağılmış 8 ev yenidən tikilib, 15 ev bərpa edilib, 27 ev əsaslı və 401 ev cari təmir olunub.
Hazırda Quzanlı qəsəbəsində abadlıq işləri və 360 şagird yerlik məktəbin tikintisi davam etdirilir. Xalçaçılıq müəssisəsinin və Muğam Mərkəzinin tikintisi üçün hazırlıq işləri görülür. İlin sonunadək Zəngişalı kənd tam orta məktəbinin, İmamqulubəyli və Üçoğlan kəndlərindəki uşaq bağçalarının əsaslı təmirinə başlanılacaqdır.