REGİONLAR
Ağdamda tikinti-quruculuq işləri davam etdirilir
Ağdam, 14 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, çıxışlar olub. Bildirilib ki, hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Quzanlı qəsəbəsində mini futbol meydançası istifadəyə verilib, Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb. Çay evinin və avtovağzalın tikintisi başa çatdırılıb. Üç ayda rayon ərazisində 30 mindən çox müxtəlif növ ağac əkilib. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik liseyin binalarının, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
Məlumat verilib ki, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün xeyli iş görülüb. Məcburi köçkün qəsəbələrində 2250 metr yeni su xətti çəkilib, 34 ədəd su nasosu, 6 ədəd transformator və 1500 metr su xətti təmir olunub.
Diqqətə çatdırılıb ki, birinci rübdə rayon üzrə ümumi məhsul istehsalının həcmi 18 milyon 164 min manat olub. Bu dövrdə 6 milyon 358 min manatlıq sənaye, 8 milyon 230 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 4 milyon 197 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.