REGİONLAR


Ağdamdakı Döyüş Şöhrəti Muzeyi Vətən müharibəsindən sonra yeni eksponatlarla zənginləşib

Ağdam, 16 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsindən sonra yeni eksponatlarla zənginləşib. Muzeyə Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun yaşayış məntəqələrinə atdığı raket, mərmi və digər hərbi sursatlardan ibarət 50-yə yaxın yeni eksponat daxil olub.

Muzeyin direktoru Sahib Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1990-cı ildə cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun şərəfinə yaradılmış Döyüş Şöhrəti Muzeyinin ekspozisiyası sonralar zənginləşib. Burada, həmçinin əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus şəxsi əşyalar, geyimlər, fotolar, kitablar, qəzet və jurnallar nümayiş olunur. Bu eksponatlar Qarabağ müharibəsi zamanı döyüş meydanlarından tapılıb və ya şəhidlərin ailə üzvləri tərəfindən muzeyə hədiyyə edilib. Muzeydə yaradılmış “Vətən fədailəri”, “Rahib Məmmədov”, “20 Yanvar” guşələri, Azərbaycanın Milli qəhrəmanlarının şəkilləri, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, yaralı əsgərlərimizin daşındığı qanlı xərək, düşmən tərəfindən atılmış top mərmiləri, Milli Qəhrəman Mübariz İbrahimova məxsus idman aləti və digər eksponatlar da sərgilənir.

"Ermənistan silahlı bölmələrinin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ağdam rayonunun yaşayış məntəqələrini raket və artilleriya qurğularından atəşə tutması çoxsaylı dağıntılara səbəb oldu. 44 günlük müharibə dövründə rayon ərazisinə minlərlə raket və mərmi atılıb. Rayon ərazisində aşkar edilən raket və mərmilərin qalıqlarının bir hissəsi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən muzeyə verilib. Bunlar əsasən müxtəlif çaplı top və minaatan mərmiləri, "Smerç" raketinin hissələri, qəlpələrdir. Düşmənin “Smerç” reaktiv-yaylım atəş sistemindən atdığı raket muzeyin qarşısında açıq havada sərgilənir ki, bu da böyük marağa səbəb olub. Gələcəkdə açıq səma altında şanlı ordumuzun məhv etdiyi düşmənə məxsus hərbi texnika və silahları da sərgiləməyi nəzərdə tutmuşuq. Əminəm ki, yeni eksponatlar muzeyimizin qonaqlarının böyük marağına səbəb olacaq", - deyə Sahib Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.