SİYASƏT


Ağdamdakı erməni vəhşiliyi Fransa portalında

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə aprelin 15-də jurnalistlərin Ağdama səfərindən hazırladığı “Qarabağın ruhlar şəhəri Ağdamda bir gün” adlı məqaləsi Fransanın “musulmansenfrance.fr” xəbər portalında yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ağdamın 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildiyinə diqqət çəkən müəllif Ağdam şəhərinin və rayonun kəndlərinin ermənilər tərəfindən dağıdıldığını vurğulayıb. Bildirilib ki, işğal altında olduğu dövrdə Ağdam şəhəri və rayonun kəndləri yerlə-yeksan edilib. Eyni zamanda, Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələr, qəbiristanlıqlar, yaşayış evləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr ermənilər tərəfindən tamamilə dağıdılıb.

Məqalədə Ağdamdakı Qarağacı qəbiristanlığında, Şəhidlər xiyabanına, İkinci Şəhidlər xiyabanında bütün məzarların, həmçinin Xocalı soyqırımı nəticəsində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların qəbirlərinin dağıdılaraq məhv edildiyi vurğulanıb. Ağdamın işğaldan əvvəl yaxşı infrastruktura malik olduğuna diqqət çəkən müəllif şəhəri Qarabağın mədəniyyət və musiqi beşiyi kimi xarakterizə edərək, Şuşa kimi, burada da Azərbaycan musiqisinin, muğam sənətinin inkişaf etdiyini, teatr, mədəniyyət abidələri, dünyada yeganə olan Çörək muzeyinin bu şəhərdə yerləşdiyini, lakin ermənilərin rayonu işğal etməsi nəticəsində Ağdamın tamamilə viran qoyulduğunu qeyd edib. Yazıda məzarlıqların, o cümlədən Azərbaycanın görkəmli şairəsi Natəvanın qəbrinin, həmçinin qəbirüstü abidələrin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına diqqət çəkilib.

Məqalədə Ağdam sözünün etimologiyasını izah edən jurnalist bu gözəl şəhərin indi “Qafqazın Xirosiması” adlandırıldığını təəssüflə nəzərə çatdırır. O təəssüflə bildirir: “Bu gün Ağdam heç nəyi olmayan, xarabalıqlarla dolu ruhlar şəhəridir. “Ağ ev” indi “Qafqazın Xirosiması”na çevrilib”.

Səfər boyu əslən ağdamlı olan jurnalist həmkarlarının hisslərini və təəssüratlarını da qələmə alan jurnalist onların öz evlərinin xarabalıqlarına ürək sızladan göz yaşları ilə baxdıqlarını, hər bir evin, məktəbin yerini göstərdiklərini, uşaq vaxtı müxtəlif oyunlar, o cümlədən futbol oynadıqları meydançanın yerini göstərdiklərini, lakin heç bir iz tapa bilmədiklərini oxuculara çatdırır. Müəllif təəssüf hissi ilə onların acısını ovuda bilmədiyini və bu insanların həyatlarının ən qiymətli dövrünü – uşaqlıqlarını itirdiklərini yazır.

İtaliya Senatının Xarici əlaqələr komitəsinin sədri Vito Petroçellinin Ağdama səfəri ilə əlaqədar “Twitter” səhifəsində etdiyi paylaşımı xatırladan jurnalist senatorun “Ermənistan onu öz ərazisi hesab edirdisə, niyə dağıtdı?” sualına diqqəti yönəldir.

Müəllif, həmçinin bildirir ki, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir və bu da hökumətin bərpa işləri aparmasına mane olur, mülki şəxslərin, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarını ləngidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.