İDMAN
Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası turnirinin qrup mərhələsində
Bakı, 29 avqust (AZƏRTAC). Ağdamın “Qarabağ” komandası avqustun 28-də futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Hollandiyanın “Tvente” kollektivi ilə qarşılaşıb.
Ensxede şəhərindəki “Tvente” stadionunda keçirilən görüşü italiyalı baş hakim Paolo Silvio Mazzoleni idarə edib.
AZƏRTAC xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 37-ci dəqiqəsində Hollandiya təmsilçisinin heyətində Luk Castaynos fərqlənib.
İkinci hissəyə sürətli hücumlarla başlayan “Qarabağ” qarşılaşmanın 52-ci dəqiqəsində istəyinə nail olub. Komandamızın yarımmüdafiəçisi Muarem Muarem hesabı bərabərləşdirib.
Bu komandalar arasındakı Bakıda ilk oyun heç-heçə (0:0) başa çatmışdı. İki oyunun nəticəsinə görə “Qarabağ” UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.