İDMAN
Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib
Bakı, 4 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 4-də Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.
Qonaqlar hesabı erkən qolla açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində "Arsenal" klubunun heyətində Naço Monrealın künc ötürməsini Sokratis Papastathopoulos dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra ilk dəqiqələrdən irəli atılan ağdamlılar rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsa da, istəklərinə çata bilməyiblər. Matçın 53-cü dəqiqəsində qonaqlar hesab arasındakı fərqi iki topa çatdırıblar. Qapıçı ilə təkbətək qalan Emil Smit Rove fürsəti əldən verməyib - 0:2.
Görüşün başa çatmasına 10 dəqiqə qalmış "Arsenal" klubu yenidən fərqlənib. Matteo Qenduzi adını tabloya yazdırıb - 0:3. Görüş bu hesabla da başa çatıb.
E qrupunun digər oyunu Ukraynada oynanılıb. “Vorskla” klubu doğma meydanda Portuqaliyanın “Sportinq” komandasına 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, ilk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” klubunu (2:0) məğlub etmişdi.