REGİONLAR


Ağdamlı fermerlər üç gündə 633 hektarda çiyid səpiblər

Ağdam, 13 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlayıblar. Ağdam pambıqçıları üç gündə 633 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 2600 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

İlk olaraq səpinə Quzanlı qəsəbəsi, İmamqulubəyli, Xındırıstan, Üçoğlan kəndləri ərazisində başlanılıb. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin aprel ayının axırınadək başa çatdırılacağı nəzərdə tutulur.

Rayonda pambıq səpininə ilkin başlayan fermerlərdən biri Xındırıstan kənd sakini Ramil Babayevdir. Əvvəlki illərdə hektarın məhsuldarlığına görə yüksək nəticələr əldə edən fermer bu ili də uğurla başa vurmaq əzmindədir. "Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq 2017-ci ildə 60 hektarda pambıq becərib 192 ton məhsul götürdüm. 2018-ci ildə pambıq əkinlərini və məhsuldarlığı bir qədər də artırdım. Hər hektardan orta hesabla 53 sentner məhsulumuz oldu. Bu il aqrotexniki tədbirləri ardıcıl və düzgün həyata keçirərək, məhsuldarlığı daha da yüksəltməyə çalışacağam”, - deyə fermer bildirib.

Qeyd edək ki, 2018-ci ildə Ağdam rayonunda 3100 hektar sahədə pambıq əkilib, 5822,2 ton məhsul istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.