REGİONLAR
Ağdamlı gənc kibrit çöplərini sənət əsərinə çevirir VİDEO
Ağdam, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Zəngişalı kənd sakini Sərvər Abdullayev kibrit çöplərindən, kartondan və digər əşyalardan istifadə etməklə müxtəlif fiqurlar, maketlər hazırlayır.
Sərvər Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, əl işlərinə maraq onda hələ uşaq yaşlarından var: “Uşaq vaxtı məftil, dəmir və taxta parçalarından avtomobil, idman avadanlıqları, müxtəlif əşyalar düzəldirdim. Kibrit çöplərindən istifadə etməyə isə bir neçə ildir başlamışam. Bu sahədə ilk əl işim xəyalımda canlandırdığım ev olub”.
Həmsöhbətimin maraqlı əl işlərindən biri də 16 min 450 ədəd kibrit çöpündən, qarğı və kartondan hazırlanan ev maketidir. Maketdə ən xırda detala, hər bir incəliyə xüsusi diqqət yetirilib. Evin həyətində su quyusu, yelləncək, söhbətgah, ağaclar onun hazırladığı maketdə əks olunub.
Sərvərin ikinci əl işi Ağdam şəhərindəki məşhur “Çay evi”nin maketidir. Bu fiqurun düzəlməsi üçün 11 min 750 kibrit çöpündən, dəmir, karton, taxta və şüşədən istifadə edilib. Deyir ki, beş aya başa gələn “Çay evi”ni anasının istəyi ilə ərsəyə gətirib.
Bakı şəhərindəki Qız qalasının maketinə isə 12 min 690 ədəd kibrit çöpü işlənib. Hazırda əsasən karton materiallarından istifadə etməklə, Ağdam şəhərindəki Cümə məscidinin və Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin maketlərinin üzərində işləyir. Daha sonra isə Bakı şəhərindəki “Alov qüllələri”nin, Hökumət evinin və Fransadakı Eyfel qülləsinin maketlərini düzəltməyi planlaşdırır. Onun ən böyük arzusu isə beynəlxalq sərgi və müsabiqələrdə iştirak etməkdir.