REGİONLAR
Ağdamlı məzunlardan 451 nəfəri tələbə adını qazanıb
Ağdam, 22 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Ağdam rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1326 məzundan 666 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 451-i tələbə adını qazanıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tələbə adını qazanan gənclərdən 56 nəfəri 500-600 arası, 29 nəfəri isə 600-dən çox bal toplayıb. Eyvazlı kənd tam orta məktəbin məzunu Fərid Hüseynov 685 bal, 30 nömrəli tam orta məktəbin məzunu Murad Nuriyev 681 bal, Alıbəyli kənd tam orta məktəbin məzunu Sevinc Hüseynova 672 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Qaradağlı kənd tam orta məktəbin məzunları göstərib. Bu təhsil ocağını bitirən 14 məzundan 12-si respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.