REGİONLAR
Ağdamlılar baharı yüksək əhval-ruhiyyə ilə qarşılayırlar
Ağdam, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı Ağdam rayonunda yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsinin mərkəzi meydanında keçirilən ümumrayon şənliyində Dədə Qorqud və Bahar qız mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıblar. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gediblər. Kosanın və Keçəlin şən zarafatları, idmançıların çıxışları marağa səbəb olub. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər. Tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları və digər sərgilər nümayiş olunub.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.
Bayramsayağı bəzədilmiş meydanda bədii özfəaliyyət kollektivlərinin və Ağdam Dövlət Dram Teatrının təqdim etdiyi rəngarəng ədəbi-bədii musiqili proqramlar tamaşaçılara xoş ovqat bəxş edib.