REGİONLAR
Ağdamlılar doğma rayonlarının işğaldan azad olmasını böyük coşqu ilə qeyd edirlər VİDEO
Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu tarixi hadisə xalqımız tərəfindən böyük sevinc hissi ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğma rayonlarının 27 ildən sonra işğaldan azad edilməsinə sevinən ağdamlılar rayonun işğal altında olmayan ərazilərində küçələrə çıxıb, şanlı qələbənin sevincini yaşayıblar. Əllərində Azərbaycan bayrağı tutmuş ağdamlılar bir-birini təbrik edib, doğma yurdlarının işğaldan azad olmasını bayram ediblər. Hər tərəfi "Qarabağ", "Qarabağ Azərbaycandır", "Yaşasın Ali Baş Komandan!", "Biz Ağdama qayıdırıq", "Yaşasın Azərbaycan Ordusu" kimi şüarlar bürüyüb.
Rayon sakini Sirac Hüseynov sevincini bölüşərək deyib: "Həyatımın ən sevincli günüdür. 27 illik həsrətimiz bitir. Bu sevinci bizə Ali Baş Komandanımız, Ordumuz yaşadır. Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan Ordusu".