CƏMİYYƏT
Ağdaş Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı kollektiv müraciət əsasında araşdırma aparılıb
Bakı, 11 iyun, AZƏRTAC
Ağdaş Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş kollektiv müraciət əsasında Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırma ilə Ağdaş Peşə Məktəbində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq təhsil almayan tələbələrə təqaüdün, mövcud olmayan təlim ustalarına əməkhaqqının verilməsinin, eləcə də tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış 70 min manat məbləğində pul vəsaitinin mənimsənildiyi müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.