REGİONLAR
Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün gücləndirilmiş iş rejimində çalışır VİDEO
Ağdaş, 14 mart, AZƏRTAC
Su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Ağdaş Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində çalışır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkin sahələrinin suvarılması üçün 19100 kilometrdən artıq suvarma kanalının və 1900 kilometrdən artıq kollektor-drenaj şəbəkəsinin istismarı təşkil olunur, həmin kanallar üzərində olan qurğularda təmir işləri aparılır: “Ötən il idarə tərəfindən bütün əkin sahələrinin suvarma işləri başa çatdırılıb. Bu il də bu sahələrin suvarılması planlaşdırılır. Hazırda əkilmiş 15115 hektar sahənin birinci suvarılması yekunlaşıb”.
İdarənin balansında olan kanalların 1600 kilometri torpaq məcralı, 393 kilometri isə beton üzlüklü kanallardır. 2021-ci ildə Qaraoğlan beton üzlüklü kanalının 1 kilometrlik yararsız hissəsi bərpa olunaraq yenidən su istifadəçilərinin ixtiyarına verilib. Təmirdən öncə kanalın həmin 1 kilometrlik yararsız hissəsində su itkisi 40 faizə qədər olub.
Mətbuat katibi qeyd edib ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas arteriyalarından biri də sağ sahil magistral kanalıdır. Uzunluğu 1000 kilometrdən artıq olan kanal 18000 hektara yaxın sahənin suvarılmasını təmin edir. Suvarma kanallarında təmir işlərinin aparılması su itkisinin qarşısının alınması ilə yanaşı, fermerlərin işini daha da asanlaşdırır.
İdarənin xidməti ərazisində 39 ədəd nasos stansiya var. Bu nasos stansiyaların hər biri hazırda işlək vəziyyətdədir. Artıq təmirə ehtiyacı olanlardan 3 ədədi təmir olunaraq yararlı hala gətirilib. Bundan başqa, elektrik və üzən nasos stansiyaları da əsaslı və cari təmir edilir ki, qarşıdan gələn suvarma mövsümünə tam hazır olsun. Həmçinin kanallar və hidrotexniki qurğularda da təmir işləri görülür.
Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas funksiyalarından biri də torpaq məcralı kanalların lildən təmizlənməsini həyata keçirməkdir. Bu işlər kanallarda mütəmadi olaraq davam etdirilir. Bir çox kəndin ərazisində yekunlaşan işlər hazırda Zeynəddin, Yanarx və Ləki ərazisində aparılır. Eyni zamanda, Mürsəl kəndində, Hapıtlı kəndində və Yenicə kəndində olan kollektorlar da lildən tam olaraq təmizlənib. Bunun nəticəsində işlər ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.
Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi rayonun 36550 hektar əkin sahəsinə xidmət edir. Suvarılma öz axımı və mexaniki üsulla aparılır. Əsas su mənbələri isə Türyançay, Kür çayı və Yuxarı Şirvan kanalıdır.