Ağdaş rayonunda meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb
AzerTAg.az
Bakı, 21 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində Ağdaş rayonunda tumlu və çəyirdəkli meyvə bağlarında fitosanitar müşahidələr aparılıb.
Müşahidələr zamanı karantin tətbiq edilən zərərli orqanizmlərdən müxtəlif çanaqlı yastıca növlərinə rast gəlinib. Simptomlu bitki hissələrindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Bununla yanaşı, meyvə bağlarında şaftalı meyvəyeyəninin, Aralıq dənizi meyvə milçəyinin və qərb çiçək tripsinin mövcudluğunu müəyyənləşdirmək üçün feromon tələlər asılıb.
Müəyyən müddətdən sonra feromon tələlərə təkrar baxış keçirilərkən bağda və ona yaxın ərazilərdə qeyd olunan zərərvericilərin mövcud olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə əlaqədar məlumatlar verilib.

Xəbərin mətnində orfoqrafik səhv var