CƏMİYYƏT
Ağdaş rayonunda narkomaniyaya qarşı tədbir keçirilib
Bakı, 20 may, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlıq probleminə dair tədbir keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun əməkdaşları, rayonun gənclər və idman idarəsi, təhsil və polis şöbələri, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat veriblər.
Sonra rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş və təşkilati tədbir keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilib.