REGİONLAR
Ağdaşda 12 min kiloqramdan çox pambıq yığılıb
Ağdaş, 16 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda pambıq yığımı başa çatdırılıb. Fermerlər pambıqyığan kombaynların köməyi ilə məhsulu vaxtında və itkisiz toplaya biliblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun 25 kəndində, 1154 hektar ərazidə çiyid səpini aparılıb və sahələrdə normal bitiş alınıb. Pambıq sahələrinə aqrotexniki qulluq göstərilib. Məhsulun itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Üç ay ərzində 12 min 160 kiloqram pambıq tədarük olunub. Hər hektardan orta hesabla 10 sentner məhsul götürülüb.
Ağdaşda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin təcrübə və imkanlar var. 1981-ci ildə rayonda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı. Bu, Ağdaşın pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Pambıqçılığın inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, göstərilən dövlət dəstəyi artıq öz bəhrəsini verməkdədir.
Ötən il rayonda cəmi 30 hektar sahədə pambıq əkini aparılmışdı. Bu il isə ötənilkindən 1124 hektar, yəni 38 dəfə çox pambıq əkilib. 2017-ci ildə pambıq sahələrinin 3 min hektara çatdırılması, bu məqsədlə istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur.