REGİONLAR
Ağdaşda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Ağdaş, 5 mart, AZƏRTAC
Ağdaşda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı, bir qrup məşqçi-müəllimin və veteran idmançıların iştirakı ilə keçirilən tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda həlak olan ağdaşlıların qəbirləri ziyarət olunub.
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydaları gözlənilməklə keçirilən tədbirdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsi heç də təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Eyni zamanda, həmin gün “İdman fondu”nu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Təsadüfi deyil ki, bu gün respublikamızın hər yerində olduğu kimi, Ağdaşda da idmanın ayrı-ayrı növlərinin inkişafı üçün hər cür şərait yaradılıb və ağdaşlı gənclər müxtəlif yarışlarda uğurlar qazanırlar.
Qeyd olunub ki, rayonda 5 nəfər məşqçi-müəllim “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına, bir nəfər məşqçi-müəllim isə “Əməkdar məşqçi” adına layiq görülüb.