REGİONLAR


Ağdaşda Milli Musiqi Gününə həsr edilən təntənəli tədbir keçirilib

Ağdaş, 19 sentyabr, AZƏRTAC

18 sentyabr - Milli Musiqi Günü Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbində təntənəli surətdə qeyd olunub. Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Xalqımız 1995-ci ildən bəri bu günü Milli Musiqi Günü kimi qeyd edir.

Ağdaş Regional Mədəniyyət İdarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir bəy Hacıbəylinin yaradıcılığından bəhs edib. Qeyd edib ki, Üzeyir bəy Hacıbəyov 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olub. Soy-kökü, nəsil şəcərəsi Qarabağın əsilzadə bəy nəsilləri ilə bağlıdır. Vurğulayıb ki,1908-ci ilin yanvarında tamaşaya qoyulan ilk Azərbaycan operası “Leyli və Məcnun”un müəllifi Ü.Hacıbəyli yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaradıb. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” xalq arasında tezliklə geniş şöhrət qazanıb. Bundan sonra o, Azərbaycan operasının şah əsəri olan “Koroğlu”nu yazıb.

Natiq Üzeyir bəy Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incilərdən olduğunu söyləyib, dahi bəstəkarın yaradıcılığının Azərbaycan xalqının milli-mənəvi sərvəti olduğunu vurğulayıb.

Məktəbin qarşısında, açıq səma altında təşkil olunmuş tədbirdə Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, xor kollektivinin, Xalq Çalğı Alətləri ansamblının, eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilib, məşhur “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərindən səhnəciklər nümayiş etdirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, Ağdaş Regional Mədəniyyət İdarəsinin məsul işçiləri, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.