REGİONLAR


Ağdaşda aqrar sahədə çalışan fermerlərlə görüş olub

Ağdaş, 28 iyul, AZƏRTAC

Ağdaş rayonunun Şəmsabad kəndində fermerlərlə görüş olub. Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə keçirilən görüşdə aqrar sahədə çalışan, Ağdaş və Göyçay rayonlarından olan şəhid ailələri və fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, qayğılarının dinlənilməsi, təkliflərinin müzakirəsi məqsədilə təşkil olunub.

Əvvəlcə Azərbaycanın suverenliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan deputat Məzahir Əfəndiyev Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlər nəticəsində mikroiqtisadi mühitdə sabitliyin təmin edildiyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev, “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin aparıcı mütəxəssisi Mehrac Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Göyçay KOB Dostu mərkəzinin direktoru Rahim Məmmədov, Göyçay və Ağdaş rayon Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları Elçin İsmayılov və Fərhad Əliyev, Ağdaş rayon Məşğulluq Xidmətinin direktoru Anar Əvəmmədov çıxış ediblər. Çıxışlarda iqtisadiyyatın şaxələndirilməsinin verdiyi töhfələrdən, kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində görülən tədbirlərdən, aqrar sahədə çalışan sahibkarlara dövlət dəstəyindən danışılıb. İştirakçılar bu istiqamətdə son vaxtlar qəbul olunan proqramlar barədə məlumatlandırılıblar.

Tədbirdə aqrar sektorda çalışan sakinlərin qayğıları və təklifləri dinlənilib, fermerlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.