REGİONLAR


Ağdaşda dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, din xadimlərinin, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə mövzunun əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında vurğulayıb ki, respublikamızda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. S.Salahlı bildirib ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

Sədrin birinci müavini dini radikalizmin fəsadları barədə də ətraflı məlumat verərək, bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından geniş bəhs edib. Bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. S.Salahlının sözlərinə görə, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv, profilaktik və inzibati metodlardan istifadə olunur.

Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizmin ictimai təhlükəsizliyə təsirindən danışıb. Ə.Zülfüqarov dini ekstremizmin yayılmasının qarşısının alınması və gənclərə sirayət etməməsi üçün həyata keçirilən dini maarifləndirmənin önəminə diqqət çəkib. DQİDK-nın şöbə müdiri radikal dini təbliğata qarşı ənənəvi İslam dininin prinsiplərinin və sağlam ideyalarının təbliğinin əhəmiyyətindən də bəhs edib.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov dinə və dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.