REGİONLAR
Ağdaşda ət kəsimi və satışına ciddi nəzarət edilir
Ağdaş, 26 mart (AZƏRTAC). Ağdaş rayonunda ət kəsimi və satışı aparılan məntəqələrdə vəziyyətə nəzarət etmək məqsədilə baxış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Ağdaş Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsi, rayon baytarlıq idarəsi, gigiyena və epidemiologiya mərkəzi Ağdaş şəhərində, kəndlərdə ət kəsimi və satışı ilə məşğul olan məntəqələrə baxış keçirmişlər.
Reyd zamanı ət kəsimi və satışı ilə məşğul olan vətəndaşlara izah edilərək bildirilmişdir ki, baytar yoxlamalarından və vaxtaşırı tibbi müayinədən keçən heyvanların kəsiminə, fəaliyyətini davam etdirmək üçün rayon baytarlıq idarəsində qeydiyyata alınan və təmizliyə riayət olunan məntəqələrdə ət kəsiminə və satışına icazə veriləcəkdir. Bu istiqamətdə rayonda ət kəsimi məntəqələrinin fəaliyyətinə mütəmadi olaraq baxış keçirilməsi nəzərdə tutulur.