CƏMİYYƏT
Ağdaşda fəaliyyət göstərən “Göl” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 10 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdaş rayonunda Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Valeh Məhəmməd oğluna məxsus “Göl” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.