CƏMİYYƏT
Ağdaşda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə reydlər keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdaş Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərinə reydlər keçirilib.
Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.