REGİONLAR
Ağdaşda gənc rəsm həvəskarlarının əl işlərindən ibarət sərgi açılıb
Ağdaş, 29 yanvar, AZƏRTAC
Ağdaşda rayon Gənclər və İdman və Regional Mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərən Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin qarşısında 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində “Gənclər Günü-25” mövzusunda istedadlı və yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi açılıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhid adını qazanan igid, qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə 28 gənc rəsm həvəskarının çəkdiyi 40-a yaxın əl işi nümayiş olunub. Gənclərin təqdim etdikləri rəsmlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonda sərgidə iştirak edən gənc rəsm həvəskarlarına Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə fəxri fərmanlar və hədiyyələr verilib.