REGİONLAR
Ağdaşda keçən ilin sosial-iqtisadi inkişafının yekunları geniş təhlil olunub
Ağdaş, 14 fevral, AZƏRTAC
Ağdaş rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr geniş təhlil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən yığıncağın iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qazanılan böyük uğurlardan, son illər Ağdaşda həyata keçirilən layihələrdən, görülən işlərdən bəhs edən sənədli filmə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində əldə olunan nəticələr təhlil edilib. Vurğulanıb ki, iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı, yol infrastrukturunun yaxşılaşdırılması, su təchizatı və digər sahələr üzrə reallaşdırılan layihələr öz müsbət nəticəsini verib. Ümumiyyətlə, ötən il rayonda 329,7 milyon manatlıq ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib. Keçən il 82,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 32 fərdi yaşayış evinin 11-də işlər başa çatdırılıb. Qalan evlərdə isə inşaat işləri davam edir. Sənaye əhəmiyyətinə görə əvəzsiz olan və uzun müddət rayon ərazisində yabanı yetişən, kustar üsulla istehsal olunan biyanın istehsalı və emalının təşkili üçün saatda 2,3 ton doğrama gücünə malik biyan emalı zavodu tikilir və hazırda işlər başa çatmaq üzrədir. Tam istifadəyə verildikdən sonra zavodda 150-180 nəfərin işlə təmin ediləcəyi nəzərdə tutulub. Rayonun Dəhnəxəlil kəndindəki 4 hektar ərazidə 20 milyon layihə dəyərində istehsal gücü saatda 240 kubmetr olan yeni asfalt-beton zavodu inşa edilir. Zavod asfalt, beton, bitium istehsalı üçün nəzərdə tutulub. Burada 50-60 nəfər üçün yeni iş yeri açılacaq.
On yaşayış məntəqəsini birləşdirən 33 kilometrlik Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı və 6 yaşayış məntəqəsini birləşdirən 27 kilometrlik Nehrəxəlil-Tofiqi-Şəmsabad marşrutu üzrə avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılıb, 3 yaşayış məntəqəsini birləşdirən 6,5 kilometrlik Ağcaqovaq-Ərəbşəki-Eymur avtomobil yolunun yenidən qurulması işləri isə davam etdirilir.
Məruzə və çıxışlarda rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında görülən tədbirlərdən, ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar həyata keçirilən işlərdən danışılıb. Keçən il taxıl əkini sahəsi 2017-ci ilə nisbətən 2231 hektar artıb. Əkin sahələrindən 9 min 333 ton buğda, 24 min 594 ton arpa istehsal olunub. Hesabat ilində, habelə 598 hektardan 2093 ton çəltik, 82 hektardan 262,9 ton lobya, 222 hektardan 2418,7 ton kartof yığılıb. Heyvandarlıq sahəsində də bir sıra nailiyyətlər qazanılıb.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı sahələrində görülən işlər və qarşıda duran vəzifələrdən də ətraflı danışılıb, həllivacib vəzifələr geniş təhlil olunub.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Elman Nəsirov və Cavid Osmanov hesabat yığıncağında çıxış edib, qarşıda duran konkret vəzifələrdən söz açıblar.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.