MƏDƏNİYYƏT
Ağdaşda kino mövsümünə həsr edilmiş tədbir keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayonda yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Kino mövsümünün açılışı gününə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə idarənin rəisi Tahir Əliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb.
Bildirilib ki, bu ildən etibarən sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd ediləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Nəzərdə tutulan ekran əsərləri ölkəmizin paytaxtında və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, həmçinin film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində göstəriləcək. Eyni zamanda, respublikanın bütün regionlarında olduğu kimi, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında da bu gündən etibarən həftədə üç gün Azərbaycanda istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcək.
Tədbirin sonunda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” sənədli filmi nümayiş olunub.