CƏMİYYƏT
Ağdaşda mənşəyi məlum olmayan 534 kiloqram ət aşkar olunub
Bakı, 29 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında martın 28-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində keçirilmiş birgə tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Şirin Kərimlinin idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Həmin avtomobilin yük yerinə baxış keçirilən zaman 534 kiloqram çəkidə mənşəyi məlum olmayan ət aşkar olunaraq götürülüb. Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Ş.Kərimli izahatında həmin əti satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini bildirib. Faktla bağlı araşdırma aparılır.