REGİONLAR


Ağdaşda pambıq əkininə başlanılıb

Ağdaş, 16 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunda pambıq əkininə start verilib.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə kəndlərdə pambıq əkini üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, torpaqdan nümunələr götürülərək keyfiyyəti yoxlanılıb. Sonra 3 min 200 hektar sahədə pambıq əkini üçün torpağın şumu çıxarılıb, gübrə verilib, arat işləri və səpinqabağı mala çəkilməsi işləri görülüb. Fermerlər lazımi qədər toxum və gübrə ilə təmin olunublar.

Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsi ilə 113 fermer arasında 1500 hektar, “Ucar MKT” ilə 61 ağdaşlı fermer arasında isə 1700 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanılıb. Aprelin 10-dan rayonda pambıq əkini prosesinə start verilib və bu günədək 57 hektar sahəyə çiyid səpilib. Əkin prosesinin aprelin sonunadək başa çatdırılması nəzərdə tutulur. Rayonun 67 kəndində pambıq əkini aparılacaq. Pambıq sahələrinin suvarılması və torpağın şor sulardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb. Rayondakı pambıq sahələri Yuxarı Şirvan kanalı, Türyançay və Kür çayı vasitəsilə suvarılır.

Ötən il rayonda 3000 hektar sahədə pambıq əkini aparılıb və 3697 ton, yəni hər hektarda 12,3 sentner məhsul əldə edilib. Dövlətin yardımından bəhrələnən torpaq istifadəçiləri bu il ötən ildəkindən 200 hektar çox pambıq əkini aparmağı qarşıya məqsəd qoyub. Belə ki, əsasən istifadəsiz qalan boş torpaq sahələri əkinə cəlb olunub.

Hər il Ağdaşda pambıq əkini üçün torpağın şumlanması, çiyidin səpilməsi, sahələrə aqrotexniki qulluq edilməsi, məhsulun yığılması və digər işlərin görülməsi prosesinə 3 minə yaxın yerli sakin cəlb olunur ki, bu da onların məşğulluğunun təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşmasına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.