CƏMİYYƏT
Ağdaşda polislər yaralı şəxsə qan verərək onun həyatını xilas ediblər
Bakı, 20 fevral, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin növbətçi hissəsinə bir nəfərin güllə yarası ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayevin göstərişi ilə əməliyyat qrupu iki istiqamətdə yollanaraq araşdırmalara başlayıb. Hadisə baş verdiyi ünvana gedən əməkdaşlar zərərçəkmiş Sadiq Şahmuradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə ağır yaralandığını müəyyənləşdiriblər.
Xəstəxanaya yollanan rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru Azad Məmmədov yaralının çoxlu qan itirməsi səbəbindən vəziyyətinin kritik olduğunu öyrənib. Həkimlərin dediyinə görə, onun həyatını xilas etmək üçün təcili qan lazım olub. Amma lazım olan miqdarda qanı gecədən xeyli keçmiş Mingəçevirdəki regional Qan Bankından gətirilməsi çox vaxt aparacağından polis mayoru Azad Məmmədov, polis serjantı Elvin Eminov ilə birlikdə qan qruplarının yaralının qanı ilə uyğunluğunu öyrənib, onun həyatını xilas etmək üçün özləri qan verməyə qərar veriblər.
Artıq əməliyyat olunan S.Şaxmuradovun vəziyyəti yaxşılaşıb.
Doğmaları, qohumları yaralının həyatını xilas edən polislərə minnətdarlığını bildirirlər.