CƏMİYYƏT
Ağdaşda qardaşını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunun Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.