REGİONLAR


Ağdaşda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb

2017-ci ildə Ağdaşda 7252 yeni iş yeri açılıb

Ağdaş, 9 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ötən il Ağdaş rayonunda müəssisələrin istehsal imkanlarının artırılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı baxımından əlamətdar olub. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının və xidmətlərin həcmi 277 milyon manatdan çox olub, adam başına düşən məhsul istehsalı 2553 manat təşkil edib. 2017-ci ildə 8,5 milyon manatlıq sənaye məhsulu, 114,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 41,8 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 9-da Ağdaş rayonunda 2017-ci il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən yığıncağın iştirakçıları ötən il Ağdaş rayonunun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən videoçarxa baxıblar.

Sonra rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov məlumat verib ki, ötən il Ağdaş Meyvə Emalı Zavodu və Yem Emalı Fabriki istehsal imkanlarını xeyli artırıb. Əhalinin məşğulluğunun artırılması məqsədilə Biyan Yetişdirilməsi və İstehsalı Müəssisəsinin tikintisi davam etdirilib, 1000 hektar sahədə biyan əkilib. Ağdaş şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası davam etdirilib. 142,3 kilometr içməli su xətti və 126,2 kilometr kanalizasiya xətti çəkilib. Bundan əlavə 33 kilometrlik Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı və 27 kilometrlik Nehrəxəlil-Tofiqi-Şəmsabad kənd yollarının tikintisinə başlanılıb. Əhalinin enerji təminatını yaxşılaşdırmaq üçün 110-35-10 kilovoltluq Ağdaş elektrik yarımstansiyası yenidən inşa olunub. Həmçinin, hesabat dövründə 28 yaşayış məntəqəsinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 23 modul tipli su təmizləyici qurğunun quraşdırılması işləri davam etdirilib, 5 kənddə modul tipli məktəblərin tikintisi aparılıb. Ötən il aqrar sektorda da böyük uğurlar əldə olunub. Sahələrdən 8245 ton çəltik, 25745 ton taxıl, 35752 ton dənli və dənli paxlalı bitkilər yığılıb, 3695 ton pambıq toplanılaraq təhvil verilib. Bir ildə rayonda ixracyönümlü məhsul istehsalını artırmaq üçün 268,3 hektar sahədə yeni meyvə bağları salınıb. Həmçinin, 111 kümçü tərəfindən 6418 kiloqram barama tədarük olunub, 130 min ədəd tut tingi əkilib. Əkin dövriyyəsinə yeni daxil edilən 15800 hektar ərazinin su təminatını həyata keçirmək məqsədilə üç istiqamətə boru xəttinin çəkilişi ilə bağlı layihələrin icrası uğurla davam etdirilib. Bütün sahələr üzrə görülmüş tədbirlər nəticəsində 1252-i daimi olmaqla 7252 yeni iş yeri yaradılıb.

Tədbirdə idarə və təşkilat rəhbərlərinin ötən bir il ərzində görülmüş işlər barədə məlumatları dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək ulu öndər Heydər Əliyevin regionların inkişafına daim böyük önəm verdiyini və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər. Toplantıda qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri sayəsində hər yerdə olduğu kimi Ağdaş rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Yollar əsaslı şəkildə yenidən qurulur, yeni təhsil müəssisələri tikilir, içməli və suvarma suyu, elektrik, qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Rayonda əvvəlki illərlə müqayisədə 2017-ci ildə pambıq, barama, çəltik, taxıl, meyvə-tərəvəz istehsalı artırılıb. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.

Hesabat yığıncağında ölkə başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıda duran vəzifələr təhlil olunub, onların həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilib, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.