REGİONLAR
Ağdaşda yarım ilin sosial-iqtisadi inkişafının yekunları geniş müzakirə olunub
Ağdaş, 16 iyul, AZƏRTAC
Ağdaşda keçirilən şura iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, qazanılan uğurlardan ətraflı danışılıb.
İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı ilə bağlı bildirilib ki, bu il 14 min 230 hektar sahədə mühüm strateji məhsul olan taxıl yetişdirilib, zəmilərin 13 min 276,8 hektarı biçilib, sahələrdən 31 min 867,2 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq 24 sentner təşkil edir.
Cari mövsümdə kümçülər də gərgin çalışıb, 11,5 ton barama tədarük ediblər. Kartof, bostan-tərəvəz istehsalında da nəticələr yaxşıdır. Hazırda 173 fermer tərəfindən 3200 hektarda pambıq yetişdirilir. İxracyönümlü məhsul olan bu sahənin inkişafına böyük maraq göstərən fermerlər bol məhsul yetişdirilməsi üçün ciddi səy göstərirlər.
Məruzə və çıxışlarda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da yarım ildə əldə olunan nəticələr geniş təhlil olunub.
Şura iclasında tikinti-quraşdırma işləri sahəsində də həyata keçirilən layihələrdən danışılıb. Bildirilib ki, Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilən 32 fərdi yaşayış evindən 11-də işlər başa çatdırılıb. 21-də isə tikinti işləri davam etdirilir. Rayon ərazisində 6480 kvadratmetr ərazisi olan Biyan emalı zavodunun, Dəhnəxəlil kəndi ərazisində yeni asfalt-beton zavodunun tikintisi başa çatmaq üzrədir. Ləki–Qəbələ dəmiryol xəttinin Ağdaş rayonu ərazisindən keçən 23 kilometrlik hissəsinin inşasına başlanılıb. 2018-ci ilin birinci yarısında rayonda pilot layihələrin həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar bildirilib ki, rayon mərkəzi xəstəxanası publik şəxs hüququ əldə edib, xəstəxanada bir sıra struktur dəyişiklikləri aparılıb, sığortalı əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti yaxşılaşıb.
Məruzə və çıxışlarda təhsil və mədəniyyət sahələrində görülən işlər, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə normal təminatı məqsədilə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr də geniş müzakirə olunub.