REGİONLAR
Ağdaşın Qaradağlı kəndində şəhidin adına “Xatirə bulağı” açılıb
Ağdaş, 1mart, AZƏRTAC
Martın 1-də Ağdaş rayonunun Qaradağlı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəlil Qüdrət oğlu Əliyevin xatirəsinə tikilən “Xatirə bulağı”nın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda Birinci və İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız dalğalandırılıb.
Açılış mərasimində rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaləddin Şavəddinov, gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin sədri İsmayıl Xudiyev, Qaradağlı bələdiyyəsinin sədri Əli Musayev, şəhidin döyüş yoldaşları çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Cəlil Əliyev və onun kimi şəhidlərimizin şücaətlərindən söz açıblar. Çıxışlarda Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağı vurğulanıb.
Şəhidin anası Reyhan ana onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edib, “Xatirə bulağı”nın tikintisində əməyi olanlara və açılış mərasiminə gələnlərə təşəkkürünü bildirib. Sonda Qaradağlı kənd məktəbinin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Qeyd edək ki, şəhid Cəlil Əliyev 1998-ci il iyulun 12-də anadan olub. Kənddəki 9 illik məktəbi bitirdikdən sonra Ağdaş peşə məktəbində təhsilini başa vurub. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşə qatılıb. Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhid Cəlil Əliyev Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.