REGİONLAR


Ağdaşın Xınaxlı məktəbliləri yeni dərs ilini modul tipli binada qarşılayıblar

Ağdaş, 16 sentyabr, AZƏRTAC 

Yeni dərs ilinin başlanması münasibətilə keçirilən Bilik Günü Ağdaş rayonunun ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən, ən ucqar yaşayış məntəqələrindən olan Xınaxlı kəndində modul tipli yeni məktəb binasının açılış mərasimi keçirilib. Rayon rəhbərliyinin, kənd sakinlərinin, valideynlərin və təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Abdulqədir Mahmudov təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova Bilik Günü münasibətilə məktəbin şagird və pedaqoji kollektivini təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. A.Novruzova vurğulayıb ki, son 16 ildə rayonda 22 yeni məktəb binası tikilib, 10 modul tipli məktəb binası quraşdırılıb, 7 məktəb əsaslı təmir olunub. 2019-2020-ci dərs ilinin başlanğıcı rayonun bir sıra ümumtəhsil məktəblərində əlamətdar hadisələrlə zəngin olub. Belə ki, yeni dərs ili ərəfəsində 624 şagird yerlik Nizami adına şəhər tam orta məktəbin tədris korpusu əsaslı təmir edilib. Malay, Binələr, Əmirmahmud, Bulaqotağı kənd ibtidai, Xınaxlı kənd ümumi orta məktəblərinin şagird və pedaqoji kollektivləri yeni dərs ilini modul tipli yeni məktəb binalarında qarşılayırlar.

Qeyd edilib ki, 2019-cu ildə rayon üzrə 642 məzundan 310 nəfəri tələbə adını qazanıb. Onlardan 52 nəfəri 500-700 bal arası nəticə göstərib, 20 nəfəri isə 600-dən yuxarı bal toplayaraq respublikamızın ən nüfuzlu universitetlərinin tələbələri sırasına daxil olublar.

Mərasimin sonunda sinif otaqları ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.