REGİONLAR
Ağdaşın Yenicə kəndi qazlaşdırılır
Bakı, 17 may, AZƏRTAC
Ağdaş rayonunun Yenicə kəndi qazlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən ölkə başçısının tapşırığına uyğun olaraq, kənd və qəsəbələrin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramı üzrə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 281,9 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 185,7 kilometr qaz kəməri əsaslı təmir olunub.
Hazırda Ağdaş rayonunun Yenicə kəndində qazlaşdırılma işləri aparılır. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 600 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 380-dən çox fərdi ev “mavi yanacaq”la təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.