REGİONLAR
Ağdaşlı gənclər seçmək və seçilmək hüququ ilə bağlı maarifləndiriliblər
Ağdaş, 30 noyabr, AZƏRTAC
Ağdaşda “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin seçmək və seçilmək hüququ-regionlarda gənclərin seçki fəallığının yüksəldilməsi” layihəsi çərçivəsində təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təlimdən əvvəl çıxış edən “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan dövlətinin gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verib. Sonra rayon gəncləri layihənin məqsədi və vəzifələri barədə məlumatlandırılıblar. Təlim vasitəsilə onlara demokratiya, seçki, seçmək və seçilmək hüququ anlayışları, seçkilərin dövlət və xalq üçün əhəmiyyəti izah edilib, bu sahədə mövcud beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda gənclərə bukletlər, xatirə köynəkləri və papaqlar verilib.