SİYASƏT


Əgər Ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmasa, bunu Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu həyata keçirəcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizə aparır. Sentyabrın 27-də cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür. Bu təcavüzkar siyasət münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin pozulması, status-kvonun qorunması, yeni təxribatların törədilməsi, Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın gizlədilməsi məqsədlərinə xidmət edir. İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycana qarşı hücuma keçib, yeni ərazilərimizi işğal etmək məqsədilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə alıb. Ötən günlər ərzində qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu geri oturdub, əks-hücum nəticəsində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad edib. Oktyabrın 20-də xalqa müraciəti zamanı Prezident İlham Əliyev yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri ilə yanaşı, bır sıra yeni yaşayış məntəqələri də işğaldan azad olundu. Oktyabrın 21-də isə Zəngilan, Füzuli və Cəbrayıl rayonlarını əhatə edən 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi barədə məlumat verildi. Qələbə xəbərlərini eşitmək çox qürurvericidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Deputat bildirib: “Dövlətimizin başçısı xalqa müraciətində erməni tərəfinə bir daha xəbərdarlıq edib ki, biz qan tökülməsini istəmirik, işğalçı qoşunlar xoşluqla torpaqlarımızı tərk etsin. Əks halda, Ordumuz onları sona qədər qovub çıxaracaq. Həmçinin Prezident İlham Əliyev Rusiyanın “TASS” İnformasiya Agentliyinə müsahibəsi zamanı münaqişə ilə bağlı fikirlərini geniş şəkildə ifadə edib. Dövlətimizin başçısı bir daha bəyan edib ki, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb. Amma Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Paşinyanın oktyabrın 21-də erməni xalqına müraciəti bunu bir daha təsdiqlədi. O, danışıqların mənasız olduğunu dedi, insanları müharibəyə səslədi. Onun bu çağırışı Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Rusiyanın Xarici İşlər naziri ilə görüşündən sonra və ABŞ-da keçiriləcək danışıqlar ərəfəsində baş verdi. Bu faktlar Ermənistanın işğalçılıq mövqeyinin dəyişməz olduğunu, sülh danışıqlarına getmədiyini əyani şəkildə göstərir.

Ermənistanın humanitar atəşkəsi də kobud şəkildə pozduğunu deyən deputatın sözlərinə görə, mülki insanların atəşə tutulması, xüsusilə Gəncənin ballistik raketlərlə vurulması Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətidir. Onun fikrincə, belə olan halda, Ermənistandan qətiyyən konstruktiv mövqe gözləmək mümkün deyil.

“Təbii ki, vəziyyətin bu dərəcədə gərgin olmasının baiskarı işğalçı Ermənistandır. Bununla belə, dövlətimizin başçısı dediyi kimi, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin erməni tərəfindən hələ ki, bunu görmək mümkün deyil. Hazırda müəyyən beynəlxalq dairələr döyüş bölgəsinə beynəlxalq sülhməramlıların və ya hərbi müşahidəçilərin göndərilməsi təklifləri ilə çıxış edirlər. Azərbaycan Prezidenti isə bu məsələ ilə bağlı aydın mövqeyini bildirib ki, həmsədrlərin hazırladıqları baza prinsiplərində bu məqamlar öz əksini tapır. Azərbaycan baza prinsiplərinə sadiqdir, bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Eyni zamanda, kommunikasiyaların bərpası da baza prinsiplərində nəzərdə tutulur ki, burada Laçın dəhlizi ilə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması da öz əksini tapır. Bunun üçün isə Ermənistan təhlükəsizlik təminatı verməlidir. Təəssüf ki, bu günədək Ermənistanın baş naziri baza prinsiplərini inkar edən fikirlər səsləndirib. Ümid edək ki, o, Azərbaycan Ordusunun gücü qarşısında ağıllanacaq və qan tökülməsini dayandırmaq üçün işğalçı qoşunlarını torpaqlarımızdan çıxaracaq. Əgər bunu o, etməsə, onda bunu Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz həyata keçirəcək. Məhz bundan sonra regionda davamlı sülh təmin olunacaq”, - deyə S.Fətəliyeva vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.