CƏMİYYƏT
Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə təşkil olunub
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə təşkil olunub.
AZƏRTAC-ın məlumatına görə, nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib: “Milli parklara direktorluğa namizədliklə bağlı 30-a yaxın şəxs müraciət edib. Hazırda Ağgöl Milli Parkının direktor vəzifəsi vakantdır. Azərbaycanın ən nadir və zəngin təbiət ərazilərinin mühafizəsi, idarə edilməsi və onları layiqli şəkildə yerli və xarici qonaqlara tanıdılması üçün bu idarələrə rəhbərlik edən şəxslər özlərində kompleks bacarıqları ehtiva etməlidirlər. İlk növbədə, əlbəttə ki, bu idarələr elmi-tədqiqat statuslu və birbaşa ekoturizmlə bağlı olduğundan, mühafizə komponentini özündə ehtiva etdiyindən rəhbər şəxslər təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik, bacarıq və təcrübəyə malik olmalıdırlar. Direktorların yüksək natiqlik bacarığının olması Azərbaycanın nadir təbiət ərazilərinin təbliğatının təşkilinə kömək edə bilər. Eyni zamanda, onların həm xarici dil, kompüter biliyi, həm də zəngin dünyagörüşü olmalıdır ki, milli parkları bacarıqla davamlı idarə edə, həmçinin turizmin inkişafına nail ola və elmi işi apara bilsinlər. Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə qiymətləndirmə aparıldıqdan sonra tezliklə açıqlanacaq. Eyni zamanda, hazırkı müsabiqədə müraciət edənlərin adları nazirliyin kadr bazasına daxil ediləcək və gələcəkdə vakant yerlər olduqda onların müraciətindən istifadə olunacaq. Əminliklə deyirəm ki, direktorluğa namizədlər çox açıq, şəffaf və demokratik yolla seçiləcək”.
Müsabiqə mərhələsində iştirak edən namizədlər milli parklara direktor seçildikdən sonra görəcəkləri işlər, gələcək planları, dünyagörüşləri barədə geniş məlumat veriblər.
Müsabiqədə iştirak edən yeganə qadın namizəd Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Sevil Məmmədli müsabiqə barədə məlumatı nazirliyin rəsmi səhifəsindən əldə etdiyini bildirib: “İstərdim ki, milli parkların direktorlarından bir neçəsi alim qadın olsun və onlar bu sahədə də öz bacarıqlarını nümayiş etdirsinlər. Namizədlər, həmçinin biologiya üzrə mütəxəssis olsun. Çünki bu sahənin mütəxəssisləri bitki örtüyünü yaxşı tanıyır, aqronomiyanı bilirlər. Müraciət edənlərin bir neçə dil bacarığının olması arzuolunandır. Belə olduqda, onlar milli parka gələn turistləri həmin ərazinin bitki və heyvanat aləmi ilə tanış edə bilərlər”.
Digər namizəd Bulud Quliyev müsabiqə barədə mətbuatdan məlumat aldığını, bu yeniliyin çox yaxşı imkan olduğunu bildirib.