İQTİSADİYYAT
“Ağıllı körpü” – innovativ sahibkarlığa dəstək layihəsi başa çatıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakı Biznes Mərkəzində “Ağıllı körpü” layihəsinin başa çatması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda fəaliyyət göstərən Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərində biznes təşəbbüslərin sahibkarlıq fəaliyyətinə çevrilməsi üçün layihələr həyata keçirilir. Belə layihələrdən biri də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin maliyyə dəstəyi ilə reallaşan “Ağıllı körpü” (Smart Bridge) layihəsidir. “Ağıllı körpü” layihəsinin məqsədi müasir texnologiyanın tətbiqinə və elmin kommersiyalaşdırılmasına əsaslanmaqla innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir.
Aidiyyəti dövlət orqanlarının, universitetlərin, biznes nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkədə özəl sektorun, xüsusilə innovativ sahibkarlığın inkişafı ilə bağlı gürülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib. Vurğulayıb ki, bu istiqamətdə reallaşdırılan layihələr texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasına əsaslanan bilik əsaslı iqtisadiyyatın inkişafına xidmət edir.
KOICA-nın Azərbaycan ofisinin direktoru Park Kumok agentliyin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edib və həyata keçirilən birgə layihələrdən danışıb. İnnovativ iqtisadiyyatın inkişafı istiqamətində Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirən P.Kumok “Ağıllı körpü” layihəsinin iştirakçılarına biznesdə uğurlar arzulayıb.
Sonda layihə çərçivəsində keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Ağıllı körpü” layihəsi çərçivəsində bu il avqustun 30-dan sentyabrın 14-dək elmi araşdırma, tədqiqat resursları, texnoloji transfer prosesi, innovasiya prosesi və elm-təhsil-biznes üçbucağı, startap fəaliyyəti və biznes inkubatorlar, intellektual kapital, əqli mülkiyyət, patent və patentləşdirmə prosesi və sair mövzularda təlimlər təşkil edilib.