İDMAN
Ağır atlet Kənan Əliquliyev Avropa çempionatında çıxış etdiyi qrupda üçüncü olub
Bakı, 10 aprel, AZƏRTAC
Batumidə keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
AAAF-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 10-da Azərbaycan idmançısı Kənan Əliquliyev körpücük üzərinə çıxıb. O, 81 kiloqram çəki dərəcəsində C qrupunda yarışıb. Atletimiz iki hərəkətin cəmində 306 kiloqram nəticə ilə (135+171) öz qrupunda üçüncü yeri tutub. Onun yekun sıralamada tutduğu yer A və B qruplarında mübarizə başa çatandan sonra məlum olacaq.
Ümumilikdə 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışda Azərbaycan yığma komandası altı idmançı ilə qatılıb.