İDMAN
Ağır atletika üzrə Azərbaycan Kubokunun birinci gününə yekun vurulub
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, turnirdə şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq-Gənclər İdman mərkəzlərinin dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayır.
Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Turnirin birinci günündə körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kq (78+93) nəticə və 233,29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kq (72+92) nəticə və 213,11 xalla Firuzə İbrahimova çıxıblar.
Kişilərdən isə ilk olaraq 49, 55 və 61 kiloqram çəki dərəcələrində atletlər qüvvələrini sınayıblar. Bu çəki dərəcələrində müvafiq olaraq, Əvəz Tağıyev (toplam 152 kq), Ömər Cavadov (198 kq) və Elməddin Hüseynov (228 kq) qalib olublar.
Körpücük üzərinə son olaraq 67 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişilər çıxıblar. Məhəmməd Məmmədli (67 kq) toplam 267 kiloqram (116+151) nəticə ilə qızıl medala sahib çıxıb. Ondan cəmi 1 kiloqram geri qalan Rüstəm Qasımov (120+146) gümüş medal əldə edib. Fəxri kürsünün üçüncü pilləsinə isə 255 kq (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb.
Paşa İbrahimli (73 kq) isə toplam 291 kq (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə toplam 260 kq (120+140) nəticə ilə Füqan Əliyev, üçüncü yerdə isə 248 kq (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıblar.
Turnirə noyabrın 30-da yekun vurulacaq.