İDMAN
Ağır atletika üzrə Azərbaycan birinciliyində 17 yaşadək oğlanların yarışında qaliblər müəyyənləşib
Bakı, 26 may, AZƏRTAC
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin ikinci günündə 17 yaşadək oğlanların yarışında 50 və 56 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda 50 kiloqram çəki dərəcəsində toplam 191 kiloqram (86+105) nəticə qazanan Ömər Cavadov qızıl medala layiq görülüb. Əlli altı kiloqram çəki dərəcəsində isə eyni uğuru Sale Alxasov əldə edib. O, toplam 197 kiloqram (87+110) nəticə ilə bu çəki dərəcəsində bütün rəqiblərindən güclü olub.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimin aparılmasıdır.