İDMAN


Ağır atletika üzrə yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşib

Bakı, 13 may, AZƏRTAC

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində ilk yarış gününə yekun vurulub.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ilk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlar 49 və 55, 17 yaşa qədər oğlanlar isə 49 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Yaşı 15-ə qədər olan qızlar arasında Gülşən Hüseynova (40 kq), Türkan Qənbərzadə (49 kq), Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (76 kq), yaşı 17-yə qədər olan qızlar arasında isə Selcan Qarayeva (49 kq), Rəhilə Hüseynzadə (76 kq) Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.

Bu gün, həmçinin yaşı 15-ə və 17-yə qədər olan oğlanların yarışında 49 kiloqram çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 141 kiloqram (63+78) nəticə göstərən Orxan İmanov yaşı 15-ə qədər olan atletlər arasında qızıl medala yiyələnib. Toplam 120 kiloqram (55+65) nəticə ilə isə Nihat Zairov yaşı 17-yə qədər atletlər arasında hamıdan güclü olub.

İlk yarış günündə körpücük üzərinə son olaraq yaşı 15-ə qədər oğlanlar arasında çəkisi 55 kiloqrama qədər olan idmançılar çıxıblar. Hacıağa Məmmədov toplam 178 kiloqram (77+101) nəticə ilə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Toplam 171 kiloqram (76+95) nəticə ilə Əli Mahmudov gümüş, toplam 134 kiloqram (61+73) nəticə ilə isə Asim Əliyev bürünc medala sahib çıxıb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yarışın keçirilməsində məqsəd ağır atletikanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində bu idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.