CƏMİYYƏT
Ağır vəziyyətdə olan xəstələrə gəlir mənbəyi kimi baxmaq həkim adına yaraşmır
Bakı, 23 aprel, AZƏRTAC
Bir ildən artıqdır ki, qorxulu kabus kimi dünyanın başı üzərini alan yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı ölüm-dirim mübarizəsi gedir. Dünya ölkələri onunla mübarizədə mümkün olan bütün imkanlardan istifadə etməyə çalışırlar. Ümumbəşəri bəla ilə mübarizədə öz əhalisinin sağlamlığını hər şeydən yüksək tutan Azərbaycan dövləti vətəndaşların sağlamlığını qorumaq üçün səhiyyə sektorunun inkişafı sahəsində çox mühüm və vacib tədbirlər görür. Pandemiya ilə mübarizə aparmaq üçün yeni yaradılan modul tipli xəstəxanalar, onların tam təchizatla təmin edilməsi, dərman preparatları, avadanlıqlar, süni tənəffüs aparatlarının ölkəyə gətirilməsi çox böyük və həyatı əhəmiyyət daşıyan məsələlərdir.
Şübhəsiz ki, ölkə rəhbərliyinin insanların həyatı naminə apardığı bu işin birinci sırasında həkimlər durur. Onlar öz həyatlarını təhlükə qarşısında qoyaraq, bu böyük bəla ilə gecəli-gündüzlü mübarizə aparırlar. Lakin son günlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri barədə yaydığı məlumat ictimaiyyət arasında ciddi reaksiya doğurub.
Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə AZƏRTAC-a verdiyi müsahibədə qeyd edib ki, xəstəxana rəhbərliklərinin həyatla ölüm arasında çarpışan ayrı-ayrı koronavirus xəstələrinin tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından vəsait tələb etməsi ağlasığmazdır: “Dünyada çoxlu peşələr var. Lakin onların arasında yalnız iki peşənin qarşısında həmişə “müqəddəs” sözü işlənir. Bu, müəllimlik və həkimlik peşələridir. Çox təəssüf ki, belə müqəddəs bir peşəyə özünün çirkin niyyətləri ilə xələl gətirənlər var. Yaşamaq uğrunda mübarizə aparan xəstələrin yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində alınması, “VİP korpus”larda müalicə prosedurlarında üstünlüklər əldə etmələrinə imkan yaradılması adı altında belə çirkinliyə nə ad vermək olar?
El arasında bir söz var: “Hamı dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda hara üz tutsun?” İndi belə çətin ayaqda hamının pənah yeri, ümid mənbəyi kimi üz tutduğu həkimin belə əməllərlə məşğul olması yaramazlıqdan başqa bir şey deyil. Bu, dövlətin gördüyü işlərə, vətəndaşların sağlamlığı üçün çəkilən zəhmətə kölgə salmaqdır. Başa düşmək həqiqətən çətindir: pandemiyaya qarşı mübarizə getdiyi belə bir ağır məqamda “sağlamlıq keşikçisi”, “xilaskar” adlandırılan bir peşənin sahibi belə əməlləri özünə necə rəva bilir? Necə ola bilər ki, kimsə bir udum nəfəs almaq uğrunda mübarizə üçün min bir məhrumiyyətlərə dözdüyü bir məqamda sən öz şəxsi mənafeyini güdəsən?”.
Müsahibimiz daha sonra deyib: “Biz həkimik, Hippokrat andı içmişik. İbn Sina yazırdı ki, həkim şahin baxışına, qızıl ələ, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır. Bu andı içən peşə sahibi üçün insan sağlamlığının keşiyində dayanmaqdan böyük amal ola bilməz. Təkcə son bir ildə öz həyatını, hətta sağlamlığını belə bu yolda əsirgəməyən onlarca həkim gördük. Həkimlərin də arasında infeksiyaya yoluxanlar, bu amansız virusun qurbanı olanlar da var. Lakin bu fədakar peşə sahiblərini heç də öz xeyirxah missiyalarını yerinə yetirməkdən çəkindirmir. Əlbəttə, onlarla fəxr duymağa, qürrələnməyə dəyər. Lakin indiki dövrdə bu peşəyə, ağır vəziyyətdə olan xəstələrə gəlir mənbəyi kimi baxmaq nə həkim adına, nə də bu peşənin şərəfinə yaraşmır”.